Milli Mətbəx
Azərbaycan mətbəxi son dərəcə zəngindir. Milli mətbəximizdə 2000-ə yaxın xörək məlumdur. Mətbəximizin bu növ zənginliyini tarixən evdar qadınlar və mütəxəssislər yaratmışlar.
Azərbaycanda qədimlərdən bəri iribuynuzlu və xırdabuynuzlu heyvanın ətindən istifadə olunur. Dondurulmuş ətlə müqayisədə təzə ətə üstünlük verilir. Ətdən başqa, qidada quyruq yağından və köməkçi məhsullardan da istifadə edilir. Milli mətbəximizdə ev quşları və vəhşi quşların ətindən və yumurtalarından da geniş istifadə edilir. Quşçuluq məhsullarından qidada daha çox toyuq yumurtasından istifadə olunur. Pəhriz mətbəxində bildirçin yumurtasından da istifadə edilməkdədir. “Qayğanaq”, “çalxama”, “kükü”, “çığırtma” və s. günü bu gün də yemək masalarına bəzəkdir.
Azərbaycanda qədimlərdən bəri iribuynuzlu və xırdabuynuzlu heyvanın ətindən istifadə olunur. Dondurulmuş ətlə müqayisədə təzə ətə üstünlük verilir. Ətdən başqa, qidada quyruq yağından və köməkçi məhsullardan da istifadə edilir. Milli mətbəximizdə ev quşları və vəhşi quşların ətindən və yumurtalarından da geniş istifadə edilir. Quşçuluq məhsullarından qidada daha çox toyuq yumurtasından istifadə olunur. Pəhriz mətbəxində bildirçin yumurtasından da istifadə edilməkdədir. “Qayğanaq”, “çalxama”, “kükü”, “çığırtma” və s. günü bu gün də yemək masalarına bəzəkdir.
Xəzər dənizi, Kür, Araz və digər çaylar, Göy-göl, Ceyranbatan və digər göllər mətbəximizi ləzzətli balıq xörəkləri ilə zənginləşdirir. Qızardılmış, pörtlədilmiş, farş edilmiş balıqlardan hazırlanan çoxlu sayda müxtəlif yeməklər bizim masaların bəzəyidir. Qara, qırmızı və sıxılmış balıq kürülərindən geniş istifadə olunur.
Azərbaycanın süd mətbəxi son dərəcə geniş çeşiddə və zəngindir. Süd, ağız süd, bulama, qatıq, pendir, duq, qaymaq, çiyə, ayran, şor və digər süd məhsulları və onlardan hazırlanan xörəklər – dovğa, doğramac, ayran aşı, atlama, südlü sıyıq və digər xörəklər hələ qədimlərdən bizim mətbəxi zənginləşdirmişdir.
Azərbaycanlılar çörəyə: yuxa, fətir, lavaş, səngək, xamralı, təndir çörəyi və s. müxtəlif formalı, qalınlıqda və hazırlanma üsuluna görə fərqli çörəklərə – bizim masaların başlıca sərvətinə xüsusi həssaslıq və hörmətlə yanaşırlar. Əgər süfrəyə çörək gəlibsə, azərbaycanlılar ona hörmət əlaməti olaraq birinci əllərini çörəyə uzadırlar, hesab edirlər ki, çörək hər şeydən irəlidir.
Xəmir xörəkləri və kulinar məmulatları bizim mətbəxdə xüsusi yer tutur. Qeyd edək ki, ətdən və xəmirdən hazırlanmış yeməklərimizin çoxu bütün türk xalqlarına xasdır. Xəmir xörəklərinə “əriştə”, “xəngəl”, “gürzə”, “düşbərə”, “xaşıl”, “hörrə” və digər xörəkləri nümunə göstərmək olar. Yeri gəlmişkən, bu xörəklər əsasən qış fəslində hazırlanır.
Xəmir xörəkləri və kulinar məmulatları bizim mətbəxdə xüsusi yer tutur. Qeyd edək ki, ətdən və xəmirdən hazırlanmış yeməklərimizin çoxu bütün türk xalqlarına xasdır. Xəmir xörəklərinə “əriştə”, “xəngəl”, “gürzə”, “düşbərə”, “xaşıl”, “hörrə” və digər xörəkləri nümunə göstərmək olar. Yeri gəlmişkən, bu xörəklər əsasən qış fəslində hazırlanır.
Havalar istiləşdikcə süfrələrdə ət və xəmir xörəklərinin sayı azalır və əksinə, becərilən və yabanı bitkilərdən xörəklərin hazırlanma payı artır. Cincilim, ispanaq, çuğundur yarpağı, nanə, badımcan, pomidor və s.-dən “kətə”, “suyuq”, “dovğa”, “əcəb-sandal” və s. xörəklər və müxtəlif salatlar hazırlanır.
Bizim nahar süfrəmizdə dənli və paxlalı bitkilərdən “sıyıq”, “plov”, “qovurğa”, “hədik” və s. kimi yeməklər də layiqli yer tutur.
Lakin, ən gözəl xörək plov sayılır. Azərbaycanda – tam əminliklə düyünün vətənlərindən biri kimi sayılan bir ölkədə – plovun 200-ə yaxın növü var.
Azərbaycan mətbəxində şirniyyat, qənnadı məmulatları, halva xüsusi yer tutur. Buna səbəb Azərbaycanda qədimdən bəri şəkər istehsal edilməsi olmuşdur. Şəkəri şəkər qamışından alırdılar. Şəkərin bu növündən başqa, meyvə şəkəri – nabat da hazırlanırdı. Ölkədə böyük miqdarda bal və meyvə şirələrinin bişirilməsindən alınan bəkməzlər, doşablar da şirin süfrənin rəngarəngliyinə rəvac verirdi. “Paxlava”, “şəkərbura”, “mürəbbə”, “sucuq”, “peşmək”, “peşvəng”, “quymaq”, “qatlama”, “yuxa halvası” və s. bizim evdar xanımların və ustaların fəxridir.
Şirniyyat əsasının (bal, qənd, bəkməz) və meyvələrin bolluğu mətbəximizdə ləzzətli məmulatların yaradılmasına səbəb olmuşdur. Bunlar – müxtəlif mürəbbələr, kompotlar, cemlər, zoğal, heyva, gilas, əncir, qoz ləpəsi və qızıl gül ləçəklərindən hazırlanan şəkərlənmiş məmulatlardır.
Azərbaycanda turşulaşdırmanın köməyi ilə və duzun köməyi ilə tərəvəzin konservləşdirilməsi (tutma) geniş tətbiq edilir.
Müalicəvi və pəhriz mətbəxi Azərbaycan kulinariyasında xüsusi yer tutur. “Umac”, “xaş”, “hörrə”, “quymaq” və s. kimi bir sıra xörəklərdən qədim zamanlardan bəri müxtəlif xəstəliklərdə müalicə faktoru kimi istifadə olunur.
Mətbəxin əsas hissəsi mərasim və bayram xörəkləridir. Səmənidən xörəkləri yalnız Novruz bayramında, qovut yalnız Xıdır Nəbi bayramında hazırlanır, hədik, qovurğa mütləq uşağın ilk dişləri çıxanda və ya yüz yaşlı qocalar dişlərini itirəndə bişirilir, “kiçik çillə” bayramında məxsusi saxlanmış qarpız kəsilir.
Azərbaycan mətbəxinin gündəlik yüngül qəlyanaltı yeməkləri arasında “yaxma” (açıq buterbrod), “dürmək” (nazik çörəyə – yuxaya və ya lavaşa, xüsusi olaraq boru şəklində bükülmüş və ya təndir çörək, xamralı və digər çörək növlərinin arasını yarmaqla doldurulmuş yağ, pendir və s.) göstərmək olar. Müvafiq olaraq dürmək “bükmə” (bükmək sözündən) adlanır. Dürməyi həm soyuq, həm də isti halda süfrəyə verirlər.
Qəlyanaltılar arasında – salatları da qeyd etmək gərəkdir.
Yeməyin sonunda “çərəz” (meyvələr, quru meyvələr, qoz, fındıq və s.) və şirin yeməklər verilir.
Mətbəxin zənginliyini və inkişaf müxtəlifliyini müəyyən edən faktorlardan biri souslardır. Turşumuş süddən (qatıq) və sarımsaqdan, sirkə və sarımsaqdan qatılaşdırılmış baldan və ya qaymaqdan meyvə şirələrindən düzəldilən souslardan daha çox istifadə edilir. Pastila (qəndlə meyvə horrasından hazırlanır) və lavaşandan (quru pastila) hazırlanmış souslardan müxtəlif xörəklərdə istifadə olunur. Balıqla bir yerdə narşərab (nar şirəsindən bişirilmiş sous) və ya narşərab əsasında sous verilir.
Azərbaycan mətbəxində menyunu adətən ilin vaxtını, havanı, yaşı, istehlakçının həyat tərzini, məkanı və s. nəzərə almaqla tərtib edirlər. Yeməklərin aran yeməyi, pəhriz yeməyi, zahı qadının yeməyi, gəlinin yeməyi, bəyin yeməyi, uşaqların, gənclərin və qocaların yeməkləri kimi qrupları məlumdur.
Dünyanın ən uzun ömürlüləri olan azərbaycanlılar, eyni zamanda ən sağlam mətbəx yaratmışlar, belə ki, sağlam mətbəx olmadan uzun yaşamaq çox çətindir.
Qeyd etmək gərəkdir ki, mətbəxin vəziyyətini onun ətraf xalqların mətbəxinə təsiri sayəsində müəyyənləşdirmək mümkündür. Əgər, Çin mətbəxi Asiya mətbəxinə (Tailand, Malayziya və s.), Fransız mətbəxi isə Avropa mətbəxinə güclü təsir göstərmişsə, Azərbaycan mətbəxi qonşu xalqların mətbəxləri üçün əsasdır. Beləliklə, Azərbaycan mətbəxini öz təsirinə görə, Çin və Fransız mətbəxi ilə yanaşı qoymaq olar.
Lakin, Azərbaycan mətbəxində başlıcası dadlı xörəklər və ətirli içkilər deyil, gözəl meyvələr deyil, başlıcası – qonaqdır. Azərbaycanın mətbəx fəlsəfəsinin əsasında qonaq dayanır.